Avrasiya İttifaqı vahid dövlətə çevrilə bilərmi?

Razi Nurullayev

Razi Nurullayev: “Putin hakimiyyətini saxlaya bilməsə, bu layihə iflasa uğrayacaq”

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Avrasiya İttifaqı vahid dövlət olacaq. Onun fikrincə, Rusiya, Belarus və Qazaxıstan 2015-ci ildə “yeni inteqrasiya formasını tətbiq edəcəklər”. Bu ölkələrin vahid iqtisadiyyatı olmalıdır. O qeyd edib ki, Avrasiya İttifaqı yalnız iqtisadi birlikdir və siyasi məsələlərlə əlaqəsi yoxdur: “Avrasiya İttifaqına daxil olmağa ən yaxın namizəd isə Qırğızıstandır. Bu ölkənin rəhbərliyi ittifaqa daxil olmağa etiraz etmir. Lakin bəzi problemlər var”. Avrasiya İttifaqının yaradılmasında məqsədin Qərblə qarşıdurma görüntüsü yaratmaq olduğu və bu layihənin gələcəkdə heç bir perspektivinin olmayacağı deyilirdi.

Mətbuatda bu ittifaqa qoşulmağın ölkələrə nə iqtisadi, nə də siyasi üstünlüklər gətirməyəcəyi barədə də məlumatlar dolaşırdı. Ümumiyyətlə, Avrasiya İttifaqının gələcəkdə genişlənmək imkanı varmı? Bu birliyə daxil olmaq Azərbaycana və digər ölkələrə hansı dividentlər gətirəcək? Məsələyə münasibət öyrənmək üçün politoloq Razi Nurullayevlə əlaqə saxladıq. Politoloq Avrasiya İttifaqının vahid dövlətə çevrilməyinin birmənalı olaraq mümkün olmadığını bildirdi: “Düzdür, Avrasiya İttifaqına gedən yolda müəyyən addımlar atılıb. Və Rusiya, Belarus, Qazaxıstanın iştirakı ilə Gömrük İttifaqı daxilində də nəzərdə tutulan iqtisadi layihələr həyata keçirilir. Əlbəttə ki, Avrasiya İttifaqının yaranma perspektivləri hələ uzunmüddətli bir prosesdir. Və gələcəkdə onun varid olması və yaxud yaşayıb-yaşamaması da hələ məlum deyil. Çünki Rusiyanın özündə tam olaraq siyasi stabillik mümkün deyil. Və Rusiya olmadan da Avrasiya İttifaqının yaşaması mümkün görünmür. Bu baxımdan gələcəkdə Rusiyada hakimiyyət dəyişikliyi olarsa, Putin hakimiyyətini saxlaya bilməsə, mən əminəm ki, Rusiyada müəyyən siyasi təlatümlər baş verəcək. Və ondan sonra prezident Putinin də Avrasiya ittifaqı layihəsi iflasa uğrayacaq.

Yox, əgər doğrudan da Rusiyada Putin hakmiyyətini bundan 5-10 il sonra da saxlaya bilsə, o zaman Avrasiya İttifaqının yaranmasının ciddi konturları üzə çıxa bilər”. Bunun  inandırıcı olmadığını bildirən Nurullayev qeyd etdi ki, Rusiyada ciddi avtoritarizm var: “Orada ciddi şəkildə demokratik proseslərin oyanması baş verir. Və Rusiya müxalifətinin gələcək seçkilərdə daha ciddi nəticələr əldə etməsi mümkündür.  Bundan sonra Avrasiya İttifaqı da korrektələrə uğrayacaq və yaxud da ki, ümumiyyətlə, bu layihə dayandırıla bilər. Rusiyanın gələcəkdə də Avropa Birliyi ilə və eyni zamanda Amerika Birləşmiş Ştatları ilə müəyyən ciddi siyasi münasibətləri olacaq. Eyni zamanda müəyyən yaxınlaşmalar da olacaq. Orada hakimiyyət dəyişikliyi baş verərsə də, bu zaman Avropa Birliyi və ABŞ-la da yeni bir siyasi rakursda əməkdaşlıq baş verəcək. Bu baxımdan mən bu bəyanatın hələ ki, tez olmasını söyləmək istərdim. Bunu bilmək olmaz”.

Politoloq Belarusun hal-hazırda çox ciddi şəkildə iqtisadi və siyasi problemlərlə üzləşdiyini, özünün çıxış yolunu məhz Rusiyanın köməkliyi ilə gördüyünü vurğuladı: “Və əlbəttə ki, onun Gömrük ittifaqında olması və Rusiya tərəfindən ona iqtisadi layihələrin verilməsi, ona köməklik göstərilməsi və beynəlxalq aləmdə onu müdafiə etməsi Belarusiya üçün çox ciddi bir hadisədir. Buna görə  də bura qoşulmaq istəyən digər ölkələr üçün də Belarus prezidentinin bu fikirləri şirnikləndirici xarakter daşıyır. Amma Belarus prezidentinin  beynəlxalq aləm tərəfindən də qeyri-ciddi qəbul olunmadığı üçün onun da fikirlərini əsas kimi götürən dövlətlərin olduğuna da şübhə ilə yanaşıram”.

You can leave a response, or trackback from your own site.

Leave a Reply