Ərdoğan Əliyevdən nə istəyəcək? – Təhlil

Ərdogan və İlham Əliyev


11.09.2012 | 14:52

Ərdoğanın səfər xüsusi əhəmiyyət daşıyır. 2010-cu 16 avqustunda iki ölkənin prezidenti arasında imzalanan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyətindən sonra bir sıra nailiyyətlər var. Ən azından iki ölkənin münasibətlərində tam aydınlıq ortaya çıxıb.

2011-ci ilin oktyabrında İzmirdə keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısında Azərbaycan və Türkiyə Azərbaycan qazının taleyi ilə bağlı ilkin razılığa gələrək qaz tranziti, qaz təchizatı və qaz alğı-satqısına dair sazişlər imzaladılar. Qaz tranzitinə dair saziş Cənub dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutaraq, keçən ilin dekabrında TANAP layihəsinin ortaya çıxmasına səbəb oldu. Bununla da Azərbaycan NABUCCO layihəsinin ilkin versiyasına zərbə vurmuş oldu və Qərb üçün yeganə çıxış yolu Qərbu Nabucco layihəsinə qaldı. Türkiyə Azərbaycana bu qaz sazişinə görə çox minnətdardır və indi Qəbələdə keçirilən ikinci toplantıda həm də bu məsələdə ortaya çıxan bir sıra texniki və maliyyə məsələləri də müzakirə mövzusu olacaq.Gündəlikdə yer almayan daha hansı məsələlər müzakirə oluna bilər? Ola bilsin ki, bunlar rəsmi sənədlərdə və açıqlamalarda yer almayacaq.

Viza məsələsi


Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının doğurdan da real olaraq strateji və qardaşlıq prinsiplərinə əsaslanması Azərbaycanın hələ də Türkiyə ilə viza rejimini ləğv etməməsidir. Bu o qədər ağrılı problemdir ki, artıq Türkiyə və Azərbaycan arasında “Qordiyev düyünü”nə çevrilib. Azərbaycanın gətirdiyi arqumentlər Türkiyə tərəfini qane etmir və ona görə də viza məsələsi yenidən gündəmdə olacaq.

Dağlıq Qarabağ münaqişəsi
Türkiyənin Ermənistanla münasibətləri istiləşdirmək və ermənilərin “soyqırım” hücumundan birdəfəlik qorunmaq üçün Türkiyənin atdığı addımlar hələ də Azərbaycan hakimiyyətini və xalqını qıcıqlandırmaqdadır. “Dağlıq-Qarabağ münaqişəsinin həllində daim Azərbaycanın yanında olacayıq” kimi verilən rəsmi bəyanatlar o qədər də inamlı səslənmir. Qətiyyətlə demək olar ki, Azərbaycanla Türkiyə arasında əvvəlki səmimiyyət yoxdur və Türkiyənin siyasi və ictimai elitasında, o cümlədən biznes dairələrində Azərbaycan hakimiyyətinə münasibət dəyişib. Eyni tərzdə Azərbaycanın hakimiyyət qanadı olan siyasi elitasında da Türkiyəyə münasibət dəyişib. Çünki, Türkiyədə bəzi dairələr artıq Azərbaycan hakimiyyətinə qarşı açıq etirazlar da səsləndirməyə başlayıblar.Çox güman ki, bu platformada Rusiya və İranla bağlı məsələlər də ciddi müzakirə mövzusuna çevriləcək.

Ramil Səfərov problemi
Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası və prezident tərəfindən əfv olunması regionda siyasi durumu dəyişdi. ATƏT-in Minsk Qrupu, ABŞ Dövlət Departamenti, Avropa Birliyi, AŞPA və digər təşkilat və dövlətlər Ramil Səfərovun azad olunmasını pislədilər və hal-hazırda Azərbaycana təzyiqləri hələ də almaqdadır. Azərbaycan hakimiyyəti və dövlət başçısı bu təzyiqləri əvvəlcədən görərək bu addımı atdı və müqayisədə daxili siyasətdə qazanacağı dividenti üstün tutdu. Azərbaycan hakimiyyəti iç siyasətdə qazandı, amma bununla bərabər Türkiyənin vasitəçilik meyllərinə xələl gətirmiş oldu. Türkiyə bu məsələdən udan tərəf olmadı, əksinə Ramil Səfərov dalğasında Türkiyənin də adı bir daha “soyqırım” törətməkdə hallanmağa başladı. Buna görə də bundan sonrakı baş verəcək və atılacaq addımlar hər iki dövlət üçün önəmlidir və gündəliyin əsas müzakirələrindən birinə çevriləcək.Türkiyə açıqcası Ramil Səfərov olayından məmnun deyil və Dış İşləri Bakanlığının “Budapeştdə NATO-nun təlimi zamanı erməni zabit Qurgen Markaryanı öldürdüyü üçün ömürlük həbsə məhkum edilən və bu günlərdə Macarıstanın müvafiq strukturları tərəfindən Azərbaycana ekstradisiya edilən Ramil Səfərovun sonradan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv edilməsinə ABŞ-dakı erməni diasporunun etirazlarının Türkiyəyə yönəldilməsini heyrətlə izləyirik. Prosesin heç bir mərhələsinə müdaxilə etməyən Türkiyənin əsassız iddialarla hədəfə alınmasına yönəlmiş səylər hər zaman Türkiyə əleyhdarlığı yürütməyə alışmış pis niyyətli çevrələrin yeni qaralama kampaniyasından ibarətdir”, açıqlamasını verməsi hər şeyi aydın edir. Türkiyə yaxasını kənara çəkir. Türkiyə bundan sonra zərbə almaq istəməz və buna görə də bundan sonrakı bu tip addımların qarşılıqlı müzakirəsinin vacib olduğunu açıqlayacaq. Bəyanatda, Türkiyənin Ramil Səfərovun nə müdafiə olunması, nə də bu məsələnin pislənməsi yer almayıb. Hərçənd, Türkiyə ən azından Azərbaycan insanlarının müharibə zamanı keçirdiyi psixoloji sarsıntılara, ev-eşiklərini itirməsinə və beynəlxalq aləmin bu məsələlərə biganə qalması ilə bağlı nə isə deyə bilərdi.

Türkiyənin keçə bilmədiyi sədd
Bu gün artıq demək olar ki, Türkiyənin ikinci müstəqilliyimiz tarixindən Azərbaycana qoyduğu sərmayələri Azərbaycanın qardaş ölkəyə qoyduğu sərmayələrdən azdır. Artıq Azərbaycan Türkiyənin iqtisadiyyatı üçün önəmli bir tərəfdaşa çevrilib və bəzən bu sərmayələr və iki ölkə arasında bağlanan neft, kimya və qaz sazişləri Türkiyə tərəfinin maraqlarına daha çox cavab verir və onlara pul qazandırır. 27 iyul 2011-ci ildə Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın şərəfinə verilmiş rəsmi ziyafətdə İlham Əliyevin nitqində belə bir cümlə işlənmişdir: “Bu gün mən artıq mətbuat konfransında qeyd etdim ki, Azərbaycan Türkiyə iqtisadiyyatına investisiyaların qoyulmasına başlamışdır. Bu vaxta qədər 4 milyard dollardan çox vəsait qoyulmuşdur və növbəti bir neçə il ərzində Türkiyənin neft kimyası kompleksinə 6 milyard dollar sərmayə qoyulacaqdır”.Digər tərəfdən Azərbaycanın Türkiyə üzərindən həyata keçirdiyi enerji layihələri Türkiyənin geostrateji mövqeyini və regionda nüfuzunu ciddi şəkildə möhkəmləndirməkdədir. Məhz, bu səbəblərə görə Türkiyə artıq Azərbaycan hakimiyyəti ilə daha yumşaq və bir az da şirnikləndirici danışmağa başlayır. Bununla bərabər, Türkiyə Azərbaycanın hazırkı siyasi və beynəlxalq durumundan istifadə edərək bir sıra digər proqram və istəklərini də həyata keçirmək niyyətindədir. Bura Türkiyənin Azərbaycan üçün “böyük qardaş” rolunu ona qəbul etdirməsi istəkləri durur. Türkiyə həm də Azərbaycanda demokratik inkişaf məsələsinin həm ölkənin, həm də beynəlxalq aləmin gündəliyində ciddi şəkildə dayandığından xəbərdardır və bu Azərbaycanın siyasi hakimiyyətinin bu “zəif nöqtə”sinin də hələ ki, bir sıra maraqlarının yerinə yetirilməsində istifadə edir. Bununla bərabər, bu addımlar Türkiyə iqtidarı ilə Azərbaycanın müxalif elitası arasındakı ziddiyyətləri daha da dərinləşdirir.

Suriya və Kürd problemi

Azərbaycan BMT-nin TŞ-nın qeyri-daimi üzvlərindən biridir və əlbəttə, bir sıra məlumatları və gündəliyi daha tez əldə etmək imkanlarına malikdir. Türkiyə Suriya məsələsində Azərbaycanın onu birmənalı dəstəkləməsini arzulayır. Amma, hələ də buna nail ola bilməyib. Türkiyə isə Azərbaycanın mövqeyindən narahatdır. Suriya məsələsinin necə bitməsi və Bəşər sonrası hakimiyyətin neçə bölüşdürülməsi Türkiyə üçün həyati məsələdir. Məhz, Bəşər sonrası dövrdə Qərbin xeyir-duası ilə Kürd dövlətinin yaranması reallaşa bilər. Türkiyə isə bunu hazırkı reallıqda öz müstəqilliyinə, ərazi bütövlüyünə və stabilliyin saxlanması üçün ciddi təhlükə kimi görməkdədir. Əgər Kürd dövləti yaranacaqsa, bu dövlətin əsas konturlarını Türkiyə Cümhuriyyəti cızmalıdır. Türkiyənin bu mövqeyi qətidir və Azərbaycandan bu mövqeni qeydsiz-şərtsiz dəstəklənməsini istəyir. Amma, hələ də buna tam nail ola bilməyib. Bu məsələnin də müzakirəsinin keçirilməsini real saymaq olar.

Razi Nurullayev
“Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) rəhbəri
You can leave a response, or trackback from your own site.

Leave a Reply